Şabranın mədəniyyət qoruyucuları
Ölkəmizin hər hansı bir bölgəsinə səfərə gedərkən mütləq şəkildə həmin rayonun mərkəzi bazarını və muzeyinı ziyarət edirəm. Çünki bazarın hər hansı bir formada mövcud olması rayonun iqtisadi mənzərəsinin göstəricisi, muzeyin olması, xüsusən də onun zənginliyi ərazinin maddi-mədəni irsinin güzgüsü hesab edirəm. Hər iki istiqamətin ziyarət edilməsi bütün hallarda bizdə rayon haqqında müəyyən təəssürat yaratmağa imkan verir.
Uzun illərdir
ki, bu ənənəyə sadiq qalmağa çalışıram. Layihə çərçivəsində Şabran bələdiyyəsində
keçirəcəyim görüşə hazırlaşarkən iki günlük səfərin digər rayonlarda keçirilən
görüşlərdən fərqli olaraq bu qədər zəngin olacağını düşünmürdüm, etiraf edim
ki, heç ağlıma belə gəlmirdi.
*****
Şabran şəhərinin
bazarında, əgər belə demək mümkündürsə, alverin zəif getməsi, bazarda çeşidin
az olması, yerli məhsulların gözə dəyməməsi, zəngin tarixə və mədəniyyətə sahib
olan bir şəhərin çəkisini azaltmır. Hər halda mən bu qənaətdəyəm.
Əlavə edim
ki, əvvəlki adı Dəvəçi olan rayon 8 avqust 1930-cu ildə təsis edilib. 4 yanvar
1963- cü ildə ləğv edilərək Abşeron rayonuna birləşdirilib. Lakin bu birləşdirmə
uzun çəkməyib. 6 yanvar 1965-ci il tarixdə yenidən Abşeron rayonundan ayrılıb. 2
aprel 2010-cu il tarixdə isə ölkə başçısının müvafiq Sərəncamı ilə adı dəyişdirilərək
rayona Şabran adı verilib.
*****
Beləliklə,
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi
və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Şabran bələdiyyəsinin
inzibati binasında keçirilən növbəti görüşdən sonra tarix-diyarşünaslıq
muzeyini, Çiraqqala-Şabran tarix-mədəniyyət qoruğunu, Pirəbədil tarix müzeyini
və Ləcədi kəndində olan yerli əhəmiyyətli tarixi abidə olan məscidi ziyarət
etdim.
Bəri
başdan görüşlərin təşkilində göstərdiyi dəstəyə görə Şabran bələdiyyəsinin sədri
Fidan Fərzəliyevaya təşəkkürümü bildirirəm.
*****
Şabran
tarix-diyarşünaslıq və Pirəbədil tarix müzeylərində, ən əsası Çiraqqala-Şabran
tarix-mədəniyyət qoruğunda olarkən qarşılaşdığım bəzi məqamlar məni bu yazını
yazmağa bir növ təhrik etdi.
Heç də hər
kollektivdə rast gəlinməyən mehribançılığın hökm sürməsi, çalışdıqları mədəniyyət
ocaqları haqqında hər bir kollektiv üzvünün dərin məlumatlara sahib olmaları
diqqətimdən qaçmadı. Hər üç kollektivə rəhbərlik edən xanımların öz işlərinə
sevgi və istəklə yanaşmaları, çalışdıqları mədəniyyət ocaqlarının üzləşdikləri əyər-əskikləri
öz gücləri hesabına aradan qaldırmaları, eksponat fondunun zənginləşdirmək üçün
az qala dəridən-qabıqdan çıxmaları bir daha sübut edir ki, kadrlar yerindədirsə,
demək problem olmaya bilər və yaxud olsa da səsi-küyü çıxmamış öz həllini tapar.
*****
Pirəbədil
tarix müzeyi Şabran şəhərindən bir xeyli uzaq məsafədə yerləşir. Bina möhtəşəmliyi
ilə hələ uzaqdan adamın diqqətini çəkir. Biz muzeyin həyətinə daxil olarkən
ziyarətçilərin muzeydən gülərüz çıxdığının şahidi olduq. Sanki hansısa bir zirvəni
fəth etmiş kimi görünürdülər. Özü də taksi ilə gəlmişdilər. Ziyarətçiləri söhbətə
tutub soruşdum- uzaq bir yol gəlib muzeyi ziyarət etdiniz, yaddaşınızda nə
qaldı, nə öyrəndiniz?
Adını
soruşmağı unutduğum orta yaşlı xanım ziyarətçinın cavabı qısa oldu – çox maraqlı
məlumatları öyrəndik və uşaqlığımızda nənəmin gördüyü əl işlərini burda da
gördüm. Çox yaxşı qoruya biliblər. Xeyli vaxt idi ki, ziyarət etməyi
düşünürdüm, axır ki, arzuma catdım, -dedi.
Mən muzeyi
ikinci dəfə idi ki, ziyarət edirdim. Hər gəlişimlə nə isə öyrənir, etiraf edim
ki, gördüklərimdən zövq alırdım. Keçən dəfə gələndə muzeyin direktoru, dəyərli ziyalı
Pərvanə Mirzəyeva binanın birinci mərtəbəsində yağış sularının qalmasından
gileylənirdi. Bu dəfə isə artıq problemin həll edildiyi gördüm. Öyrəndim ki, bu
problemi kollektiv heç kimə müraciət etmədən öz gücünə həll edib. Hətta iyirmi kv.metrlik əraziyə tökülən beton üzərində tarixin yazılması
da sanki ənənəyə söykənirdi.
*****
Şabran
tarix-diyaşünaslıq muzeyi zənginliyi ilə seçilirdi. Muzeyin gənc, bacarıqlı
direktoru Bəsti Məmmədova muzeyi necə həvəslə təqdim etməsinə heyran qaldım. Sərgilənən
eksponatlar haqqında, hər fikrində qanunun hansısa maddəsinə istinad etməsi
diqqətimi çəkdi. Muzeyi ziyarət edən hər kəs Şabran barəsində ətraflı və zəngin
məlumat əldə edə bilər.
Bir çox
muzeylər kimi uyğunlaşdırılmış bina da yerləşsələrdə gündəlik səmərəli fəaliyyətləri
ilə muzeydə səmimi bir mühit yarada biliblər. Ölkəmizdə fəaliyyətdə olan tarix-diyarşünaslıq
muzeylərinin səksən faizini ziyarət edən
şəxs kimi deyə bilərəm ki, Şabran muzeyi bu siyahıda zənginliyi, fəaliyyətləri
və işə münasibətləri ilə birinci beşlikdə özlərinə yer tuta bilib.
*****
Qızmar günəş
altında Çiraqqala-Şabran tarix-mədəniyyət qoruğunu ziyarət etməyin ayrı bir mənası
var. Yayın bu istisində bizi xanım direktor Günel Pirquliyeva qarşıladı. Deməliyəm ki, “Çıraqqala-Şabran” Qoruğu 7
tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli
abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji
(Qədim Şabran şəhəri) abidədir.
Qədim
Şabran şəhərini ziyarət etdikcə xanım direktor ətraflı şəkildə bizi məlumatlandırdı.
Ərazidə arxeoloji qazıntıların aparılmasına hazırlıq işləri gedirdi. Üstəlik ərazidən
tapılan qədim ekponatlar kiçik bir otaqda sərgilənir. Çıraqqalada təmir işlərinin
başa çatdığını və yaxın günlərdə ziyarətə açıq olacağını dedi.
Xanım direktorla
təşkil etdikləri çay süfrəsi arxasında kollektiv üzvlərinin iştirakı bir xeyli
söhbətimiz oldu. Qısa zaman kəsiyində görülmüş və görülməsi nəzərdə tutulan
layihələr ətrafında bir xeyli söhbətimiz oldu. Direktorun bir neçə xarici dil
bilgisinə sahib olması, üstəlik yüksək icraçılıq bacarığının olması diqqətimdən
yayınmadı.
*****
Bütün
hallarda iki gün ərzində keçirdiyim görüşlərdən zövq aldım. Çünki görüşdüyüm
insanların hər biri öz yerində idi, öz işlərinə məsuliyyətlə yanaşmaları ilə
seçilirdilər.
Etiraf
edilməlidir ki, hər üç mədəniyyət ocağında maddi-mədəni irsimizin qorunması və
mühafizəsi ilə bağlı problemlər də kifayət qədərdir. Ancaq kollektiv üzvlərinin
işə olan münasibəti onların üzləşdikləri problemlərin tezliklə öz həllini tapacağına
inamı artırır.
Bütün
hallarda görüşdüyüm kollektiv üzvlərinin hər birinə uğurlar arzulayıram. İnanmaq
istərdim ki, hər üç kollektivin üzvləri Şabranın zəngin tarixi və mədəniyyətinin
qorunmasında öz sözlərini deməklə yanaşı, həm də ümumi prosesin gedişinə öz dəyərli
töhfələrini verəcəklər.
Vüqar Tofiqli
Rəylər
0 Rəy